Valideyn-namizəd tərəfindən övladlığagötürmə ilə bağlı müraciət etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” internet portalında “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə altsistemi”ndə qeydiyytadan keçməklə şəxsi kabinet yaradılır, aşağıda qeyd olunan sənədləri daxil edilir, müraciət formasını doldurur və təsdiq edir.
Müvafiq sənədlər:
- Ərizə – Övladlığa uşaq götürmək istəyən valideyn-namizədin özü və onunla birgə yaşayan 18 yaşdan yuxarı olan şəxslər ilə birlikdə notariat orqanına müraciət edilir, övladlığagötürmə ilə bağlı ərizə alınır.
- Sağlamlıq haqqında arayış – Əyani tibbi müayinənin nəticəsində arayışların alınması üçün qeydiyyatda olduğu şəhər/rayon xəstəxanasından, (poliklinikasından) vərəm xəstəliyinin daşıyıcısı olub-olmadığı barədə tibbi arayışla Bakı şəhər qeydiyyatında olan şəxslər 5 nömrəli şəhər Poliklinikasına (Ünvan: Bakı şəhəri, Bakıxanov, 42) və digər şəhər/rayon qeydiyyatında olan şəxslər isə akademik M.Ə. Mirqasımov adına Respublika kliniki xəstəxanasına (Ünvan: Bakı şəhəri, Abbas Mirzə Şərifzadə, 762) yaxınlaşmalıdır.
- Kredit öhdəlikləri haqqında arayış
Təsdiq edilmiş müraciət aidiyyəti üzrə baxılması üçün Sosial Xidmətlər Agentliyinə yönləndirilir və valideyn-namizəd uçota alınır.
Valideyn-namizədin uçotu üçün əlavə tələb olan sənədlər:
- Valideyn-namizədlər barədə fərdi məlumatlar (soyadı, adı, atasının adı, cinsiyyəti, doğum tarixi, doğulduğu yer, FİN-i, yaşayış yeri, o cümlədən faktiki yaşadığı yer (ünvan), vətəndaşlığı);
- İş yeri (o cümlədən vəzifəsi), əmək haqqı və başqa gəlirləri haqqında məlumat;
- Mülkiyyətində olan daşınmaz əmlaklar, o cümlədən nəqliyyat vasitələri barədə məlumat;
- Ailə vəziyyəti barədə məlumat (nikah və ya nikahın pozulması haqqında şəhadətnamənin nömrəsi və tarixi);
- Məhkumluq haqqında məlumat (məhkum olunma tarixi, cəzanın növü, müddəti, azad edilmə tarixi, azad edilmə üçün əsas);
- Əcnəbilərə və vətəndaşlığı olmayanlara münasibətdə həmçinin – miqrasiya sənədi üzrə məlumatlar (nömrəsi, verilmə tarixi, etibarlılıq müddəti, verilmə əsası).
Qeyd: Sözügedən sənədlər aidiyyəti orqanların altsistemə inteqrasiya etdiyi məlumatlar əsasında əldə olunur.
Bu məlumatları informasiya sistemlərindən əldə etmək mümkün olmadıqda həmin sənədlərin təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında aidiyyəti orqandan tələb olunur və ya vətəndaş tərəfindən təmin olunur.
Qeyd: Övladlığagötürmənin uşağın mənafeyinə uyğun olmasını müəyyənləşdirmək məqsədi ilə valideyn-namizəd, ailə üzvləri, habelə onlarla birgə yaşayan şəxslərin razılığı ilə onların barəsində əlavə sənədlər və məlumatlar əldə edilə bilər.
Valideyn-namizəd uçota alındıqdan sonra növbəti mərhələlərdən keçir:
- Valideyn-namizədlə müsahibələrin keçirilməsi :
Valideyn-namizəd uçota alındıqdan sonra 10 iş günü ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin valideynlərlə iş üzrə sosial işçisi tərəfindən valideyn-namizədin evində müsahibə keçirilir. Müsahibə başa çatdıqdan sonra uşaqlarla iş üzrə sosial işçi tərəfindən valideyn-namizədin maddi-məişət şəraiti müayinə edilir.
- Valideyn-namizədlərin təlimlərə cəlb edilməsi:
Müsahibədən keçən valideyn-namizədlər müddəti 30 (otuz) gündən çox olmayan təlimlərə cəlb edilirlər, təlimin sonunda imtahan keçirilir.
Qeyd: Təlimlərdə iştirak məcburidir
- Valideyn-namizədə uyğun uşağın, uşağa uyğun valideyn-namizədin seçilməsi.
- Uşağın yerləşdiyi müəssisədə valideyn-namizədin uşaqla görüşlərinin təşkili:
Görüş 2 (iki) ay müddətində ayda ən azı 40 (qırx) saat olmaqla həyata keçirilir. 0-1 yaşınadək uşaqlara münasibətdə görüşün müddəti 20 (iyirmi) gün müddətində 12 (on iki) saatadək qısaldıla bilər.
- Uşağın onu övladlığa götürən valideyn-namizədin mənzilində müvəqqəti yerləşdirilməsi:
Uşaqla valideyn-namizədin görüşlərinin nəticəsinə uyğun olaraq uşaq valideyn-namizədin evində 3 (üç) ay sınaq müddətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə valideyn-namizəd arasında bağlanmış müqavilə əsasında müvəqqəti yerləşdirilir.
- Övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsi:
Övladlığagötürmə ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra, uşaq 18 yaşına çatana qədər ilk ildə hər rüb, növbəti illərdə isə ildə 1 dəfə olmaqla monitorinq həyata keçirilir.
Rəy bildir