
İşçinin bir iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab olunur. Məsələn, bəzi hallarda işçilər işəgötürənə heç bir məlumat vermədən işə gəlmirlər və işçi ilə əlaqə yaradılması da mümkün olmur. İşəgötürən müəyyən edir ki, növbəti gün də işçi işdə iştirak etmir. Buna görə də əmr hazırlanıb Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsaslanaraq işçinin əmək müqaviləsinə həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilir. Lakin, Əmək müqaviləsinə xitam verildikdən sonra işçi əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı xəstəlik vərəqi təqdim edərək işə qayıdır. Əmək müqaviləsinə xitam verilən işçi bunu qanunsuz və əsassız hesab edərək Dövlət Əmək Müfəttişliyi xidmətinə və ya müvafiq məhkəməyə müraciət edir. İşçinin işdən azad edilməsini əsaslı qaydada rəsmiləşdirməyən işəgötürən məcbur olur ki, yenidən işçini işə bərpa etsin.
Belə olan hallarda, işəgötürənlərə tövsiyə olunur ki, işçinin işə gəlməməsini aktlaşdırsınlar. İşçi işə qayıdarkən xəstəlik vərəqi və ya digər sənəd təqdim etmədiyi halda işçidən izahat alınması həyata keçirilsin.
Belə hallar da olur ki, işçi bəzən uzun müddət işdə iştirak etmir və işəgötürənə heç bir məlumat vermir. İşəgötürən də işçi ilə əlaqə saxlaya bilmir. Yaxşı olar ki, belə olan halda işçinin yaşayış ünvanına yazılı bildiriş göndərilsin və həmin bildirişdə son müddət müəyyən edilsin. İşçiyə xəbərdarlıq edilsin ki, həmin müddətdə işəgötürənlə əlaqə saxlamadığı və işdə iştirak etməməsinin səbəbini bildirmədiyi halda onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcək.
Odur ki, işəgötürənlər işçinin əmək müqaviləsinə intizam xətasının baş verməsi səbəbindən xitam verdikləri vaxt onu əsaslandırmalı və rəsmiləşdirməlidirlər. Əks halda, əmək müqaviləsinin xitamı etibarsız hesab edilə bilər.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları
Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:
ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;
Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar
Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir:
- özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi.
Rəy bildir