Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49-cu maddəsinə əsasən, 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmçinin, valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir.
Uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir.
Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının nümayəndəsinin iştirakı ilə onların yazılı rəyi nəzərə alınmaqla məhkəmə tərəfindən həll edilir. Bunun üçün isə iddiaçı məhkəməyə “Uşaqlarla görüş günlərinin müəyyən edilməsi barədə” iddia ərizəsi ilə müraciət etməlidir. Uşaqlardan ayrı yaşayan valideynlərə uşaqlarla ünsiyyət üçün elə vaxt və müddət müəyyən edilməlidir ki, o, qanunla nəzərdə tutulan validenlik hüquqlarını real və maneəsiz həyat keçirə bilsin. Ayrı yaşayan valideynin bu iddiasının məhkəmə tərəfindən formal təmin edilməsi, yəni simvolik, əlverişsiz müddətin müəyyən edilməsi qanunsuzdur.
Mübahisənin həllinədək müvəqqəti olaraq cavabdehə iddiaçının uşaqla məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət iddianın təmin tədbirinin görülməsinə dair vəsatətə baxılarkən əsasən ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıq-aydın halların olub-olmamasına qiymət veriləcəkdir.
Rəy bildir